Şotlandiyada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirilib

Prezident İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə bağlı Sərəncamına əsasən dahi Azərbaycan şairinin 650 illik yubileyi bütün dünyada geniş şəkildə qeyd olunur. Bununla əlaqədar, Şotlandiyanın St.Andrews Universitetində yaradılan Azərbaycan cəmiyyətinin təşkilatçılığı və Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin birgə dəstəyi ilə böyük şair və mütəfəkkirin doğum gününə həsr olunmuş poeziya gecəsi keçirilib.
Tədbiri St.Andrews Universitetindəki Azərbaycan cəmiyyətinin rəhbəri Aslan Şıxəliyev açaraq Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib, onun zəngin bədii irsindən bəhs edib. Aslan Şıxəliyev Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya göstərdiyi diqqətə və Nəsiminin seçilmiş qəzəllərindən ibarət kitabların St.Andrews Universitetinin kitabxanasına hədiyyə olunmasında dəstəyə görə xüsusi minnətdarlığını bildirib.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub. Məktubda Nəsiminin yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının dahi şairi olduğu qeyd olunur.
Gecədə müxtəlif ölkələrdən gələn tələbələrin ifasında Nəsiminin qəzəlləri Azərbaycan milli musiqisi sədaları altında səsləndirilib və şair haqqında filmdən fraqmentlər nümayiş etdirilib. Tədbir iştirakçıları Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sertifikatlarla mükafatlandırılıb. Sonda St.Andrews və Oksford universitetlərindən olan qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olunub.

  • Aynurə Tağıyeva
    AZƏRTAC-ın xüsusi müxbiri
    London